Məscidin bünövrəsi 1994-cü ildə qoyulub. İrandan gətirilmiş bişmiş kərpiclə  tikilib. Tikintidə kərpicdən işləmənin ən zərif formalarından istifadə  olunmuşdur ki, bu baxımdan məscid gözəl bir abidə hesab oluna bilər.
Əsas ibadət zalı əsasən bir mərtəbədən ibarətdir. Mehrabı əks tərəfdə - yuxarıda, ikinci mərtəbədə  yerləşir. Fasad tərəfdən məscidin divarları 0,50 metr hündürlükdə mərmərlə  üzlənib. Günbəzi 4 beton sütun üzərində dayanıb. Yerdən günbəzədək hündürlüyü  11,5 metrdir. Məscid qoşa minarəyə malikdir. Minarələr (hündürlüyü 26 metr) də  bişmiş kərpicdən tikilib və xüsusi memarlıq üslubuna malikdir. Məscidin çöl  tərəfdən iki giriş qapısı var. Qapılardan içəri tərəfdə dəhliz yerləşib.  Dəhlizdən məscidin içərisinə daha iki qapı qoyulub. Çöl qapılar dəmirdən, iç  qapılar isə taxtadan düzəldilib.
Şahbuz şəhər Cümə  məscidinin hər iki tərəfində bişmiş kərpicdən səkkizguşəli ulduz forması  işlənib. Bundan başqa, məscid divarlarını tağvari şəkilli 18 ədəd pəncərə  bəzəyir.
Şahbuz şəhər Cümə  məscidi İran İslam Respublikasının Təbriz şəhərinin ostandarı tərəfindən  tikilib.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası