Əzim Əzimzadə parkının rəsmi adı “Arxeoloji Park”-dır. Çünki bu ərazidən X-XII əsrə aid arxeoloji qalıqlar tapılıb. Ancaq parkda Əzim Əzimzadənin büstü yerləşdiyindən bura Əzimzadə parkı da deyirlər. Bu park Bakıda ruhu olan nadir parklardandır. Hətta parkda kitab rəfi də var. Parkın mərkəzində məşhur heykəltəraş Ömər Eldarovun müəllifi olduğu Xalq Rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin büstü və onun qəhrəmanlarının fiqurlarından ibarət kompozisiya yer almışdır. Bu qəhrəmanlar köhnə şəhər tipajlarını özündə əks etdirir və İçərişəhərin ab-havası ilə vəhdət təşkil edir.