Boks üzrə Azərbaycan millisi Avropa çempionatında tam heyətlə iştirak edəcək
2.9.2019

Azərbaycanın gənc boksçulardan ibarət milli komandasının sentyabrın 4-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətində verilən məlumata görə, yığma 7 gün davam edəcək yarışda tam heyətlə təmsil olunacaq. Komandanın baş məşqçisi Əsgər Eyvazov qitə birinciliyində Ruslan Qədirov (49 kq), Maqsud Xasmetov (52 kq), Əzrək Bəbirov (56 kq), Eldar Babayev (60 kq), Rəşid Həsənov (64 kq), Səlim Səlimov (69 kq), İror Platov (75 kq), Murad Allahverdiyev (81 kq), Əsəd Baxşıyev (91 kq) və Fuad Ağayevə (+91 kq) şans verəcək.

Təlim-məşq toplanışını başa vuran boksçular artıq Sofiyaya yollanıblar.

Qeyd edək ki, Avropa birinciliyində püşkatma mərasimi sentyabrın 3-də olacaq. Təsnifat mərhələsinin döyüşləri ayın 4-8-də, yarımfinal görüşləri sentyabrın 9-da keçiriləcək. Çempionatın qaliblərinin adları isə ayın 10-da bilinəcək.