Qusarda yeni elektron ATS quraşdırılıb
5.7.2019

Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, həmçinin internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə yeni, müasir avadanlıqlar quraşdırılıb.

“Aztelekom” MMC tərəfindən Qusar rayonunun indiyədək telefonlaşmayan Aşağı İmamqulu kəndində quraşdırılan 160 nömrəlik yeni elektron ATS yaxın günlərdə istifadəyə veriləcək. Elektron ATS-ə 4 min 500 metr uzunluğunda fiber-optik kabel çəkilir. Yeni ATS vasitəsilə qonşu Mucuqoba kəndinə də xidmət göstəriləcək. Gələcəkdə rabitə xidmətlərinə əlavə ehtiyac yaranarsa ATS-in tutumu 512 nömrəyədək artırılacaq.

Bundan başqa, rayon mərkəzi elektron ATS-də 30 nömrəlik, Qayakənd kəndində 100 nömrəlik, Samur kəndinə isə 80 nömrəlik daxili xətt şəbəkəsi qurulub.

Əcəxur kəndinə 1600 metrlik fiber-optik kabel çəkilərək yeni 32 nömrəlik mini ATS istifadəyə verilib. Nəcəfkənd və Yuxarı Kalunxur kəndlərinə 1750 metr fiber-optik kabel çəkilib.

İnternetin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şəhər və kənd elektron ATS-lərində istismara yararsız köhnə avadanlıqlar müasir tipli “Juniper” avadanlıqları ilə əvəz olunub. Ümumilikdə ötən bir il ərzində Qusar şəhərində və kəndlərdə 461 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 1426 nəfər artım qeydə alınıb. İnternetin keyfiyyətinin yaxşılaşdırılması üçün istismara yararsız kabellər, şəhər və kənd elektron ATS-lərindəki generatorlar, daxili xətt şəbəkəsində istismara yararsız olan məftillər yeniləri ilə əvəz olunub.

Şəhər sahəsində ümumilikdə 15 kilometr, kənd sahəsində isə 21 kilometrlik xətlər təmir olunub və 461 yeni dirək basdırılıb.

“Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov bildirib ki, şəbəkə infrastrukturunun yenidən qurulması ilə yanaşı, MMC regionlarda paralel olaraq bir sıra vacib layihələr həyata keçirir. İndiyədək telefonlaşmayan, çətin coğrafi zonalarda yerləşən ərazilərdə də yeni elektron ATS-lər qurulub. Bu istiqamətdə işlər digər bölgələrdə də davam etdiriləcək.


azertag.az