Beynəlxalq “İpək Yolu” layihəsinin nümayəndə heyəti ilə görüş olub
5.7.2019

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası davam edir. Sessiya çərçivəsində müxtəlif ölkə və təşkilatların nümayəndə heyətlərinin işgüzar görüşləri təşkil olunur, qarşılıqlı faydalı müzakirələr aparılır.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Beynəlxalq “İpək Yolu” layihəsinin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə UNESKO-nun Ümumdünya İrs Mərkəzinin Asiya və Sakit okean ölkələri bölməsinin rəhbəri Feng Çinq, Çinin Cunqa Universitetinin Milli İrs Mərkəzinin direktoru, ICOMOS-un Çin bölməsinin vitse-prezidenti Lui Jo və Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun direktoru Dmirti Voyakin iştirak ediblər.

Sevda Məmmədəliyeva Azərbaycan mədəniyyəti haqqında söz açıb, tarixi “İpək Yolu”nun mədəniyyətimizə təsirindən danışıb. Diqqətə çatdırıb ki, əsrlərboyu əsas ticarət yolu olan bu layihə ilə təkcə iqtisadi deyil, həm də mədəni əlaqələr inkişaf edib, mədəniyyətlərin mübadiləsi prosesi baş verib. Bu da “İpək Yolu” üzərində olan ölkələrin mədəniyyətinə öz təsirini göstərib, oxşar ənənələrin yaranmasına səbəb olub: “Hazırda biz bu oxşar elementlərlə bir-birimizi daha yaxşı başa düşürük və mədəniyyətlərarası dialoqa böyük töhfə vermiş oluruq. Bu baxımdan Beynəlxalq “İpək Yolu” layihəsinin inkişafı ölkələr arasında sülhün bərqərar olması, daha da güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

Görüşdə iştirak edən Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi, səfir Elnur Sultanov ölkəmizin bu layihədə yaxından iştirak etməsində maraqlı olduğunu deyib, bunun üçün bir sıra praktiki əməkdaşlıq platformasının da müzakirə edildiyini vurğulayıb.

Qonaqlar Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə ediblər. Azərbaycanın “İpək Yolu”nun üzərində Xəzər sahili ölkələrlə əməkdaşlıq baxımından mühüm strateji mövqeyə sahib olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın Beynəlxalq “İpək Yolu” layihəsində yaxından iştirakı üçün lazım olan bütün zəruri addımlar atılacaq və bu sahədə ölkəmizə mütəmadi dəstək göstəriləcək.


azertag.az