“Qavaldaş” II Respublika festival-müsabiqəsinin final mərhələsi təşkil olunub
1.7.2019

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlığı ilə 29-30 iyun tarixlərində “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifası üzrə uşaq və gənclərin II respublika festival-müsabiqəsinin final mərhələsi təşkil olunub.

Festival-müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin milli-mənəvi inkişafı, istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, musiqi alətləri və mədəni irsimizin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarətdir.

İyunun 30-da UNESKO-nun baş direktoru Odre Azule və Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar və qonaqlar həmçinin “Qavaldaş” II Respublika festival-müsabiqəsində çıxış edən uşaq və gənclərin ifalarını da maraqla izləyiblər.

“Qavaldaş” müsabiqəsi UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının maddi və qeyri-maddi mədəni irsinin qorunması, mühafizəsi və təbliğatını tərənnüm edir. UNESKO-nun mədəni irs siyahısına salınmış Qobustan Qaya Sənəti Mədəni Landşaftının ayrılmaz bir hissəsi olan, səsi qərinələrdən süzülüb gələn qədim zərb musiqi aləti “Qavaldaş”ın çağdaş zərb musiqi alətlərində səsləndirmək istəyi məhz “Qavaldaş” festival-müsabiqəsinin keçirilməsinə təkan olub. Köklərimizə qayıdış, birlik və bərabərlik simvolu olan “Qavaldaş”dan ilhamlanaraq keçirilən festival-müsabiqə gənc nəslin musiqi dili ilə bəşər mədəniyyətinin ilkin ruhunu müasir dövrdə canlandırmağa sövq edir.

Final mərhələsində Bakı şəhəri, Abşeron, İsmayıllı, Salyan və Masallı rayonlarından gəlmiş nağara qrupları solo və kollektiv nominasiyaları üzrə çıxış edib. 2018-ci ildə ilk dəfə olaraq keçirilən “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa - uşaq və gənclərin l Respublika festival-müsabiqəsində 100 nəfərdən 50 nəfər final mərhələsinə, bu ildə isə 220 nəfərdən 120 nəfər final mərhələyə vəsiqə qazanıb.

Üç yaş qrupu üzrə müsabiqənin final mərhələsini təmsil edənlər rəngarəng proqramla çıxış ediblər. Qaliblər Qran-Pri, I, II, III yerlər, kubok və diplomlarla təltif olunublar.

Final mərhələnin münsiflər heyətində tanınmış nağara ustadları, Əməkdar artistlər Tofiq Cabbarov, Kamran Kərimov, Azərbaycan Dövlət Rəqs Ansamblının müəllimi Ceyhun Babayev, A.Zeynallı adına Musiqi Kollecinin müəllimi Azər Məlikov və Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədov təmsil olunub.


azertag.az