Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
20.6.2019

Madrid şəhərində “İspaniyanın beynəlxalq kolleci” tədris müəssisəsinin təşkilatçılığı ilə “Beynəlxalq Bazar” xeyriyyə tədbiri keçirilib.

“Uşaqlara yardım üçün birləşək” devizi altında keçirilən tədbirdə dünyanın 40-dan artıq ölkəsi, beynəlxalq xeyriyyə cəmiyyətləri və bir sıra QHT-lər iştirak ediblər. Xeyriyyə tədbirində ölkəmiz “İspaniyada Azərbaycanlıların Cəmiyyəti”nin təşkilatçılığı və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə uğurla təmsil olunub.

Azərbaycan milli stendində ölkəmizlə bağlı müxtəlif təbliğat materialları, xalçaçılıq nümunələri və incəsənət əsərləri ilə yanaşı, milli mətbəximizin ləziz nemətləri nümayiş etdirilib.

Nümayiş olunan ölkəmizin milli şirniyyatları - paxlava, şəkərbura, qoğal, həmçinin yeməklərimizdən plov, yarpaq dolması, lavaş, milli ornamentləri əks etdirən suvenirlər, milli geyim və musiqi alətlərimiz sərgi iştirakçılarında böyük maraq doğurub.

Azərbaycan stendində satışa çıxarılmış bütün məhsullar, xüsusən milli yeməklərimiz qısa vaxt ərzində ziyarətçilər tərəfindən həvəslə alınıb.

Xeyriyyə bazarında iştirakçılara Azərbaycan barədə ətraflı məlumat verilib.

Tədbirdən əldə olunan bütün vəsait xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi məqsədilə beynəlxalq donor təşkilatlarının hesabına köçürüləcək.



azertag.az