Muzey Mərkəzində Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi açılacaq
19.6.2019

İyunun 21-dən iyulun 10-dək Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək.

Nazirlikdən bildirilib ki, sərgidə rəssamın son illərdə yaratdığı, indiyədək heç bir yerdə təqdim olunmayan rəngkarlıq, qrafika, heykəltəraşlıq və müasir incəsənət əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, Mahmud Rüstəmov 1967-ci ildə Bakı şəhərində anadan olub. O, 1982–1986-cı illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində, 1986-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Heykəltəraşlıq” fakültəsində təhsil alıb. 1995-1998-ci illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanalarının aspirantı olub. Mahmud Rüstəmov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın indiyədək çoxsaylı sərgiləri açılıb.


azertag.az