Filarmoniyada Züleyxa Abdullanın konserti olub
11.6.2019

İyunun 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının dosenti, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullanın Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə konserti keçirilib.

Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.

Orkestrin ifasında F.Şubertin və E.Qriqin əsərləri səsləndirilib.

Konsert proqramında Züleyxa Abdullanın solistliyi ilə İ.S.Baxın fortepiano və orkestr üçün re minor musiqisi səsləndirilib. Həmçinin müasir fransız bəstəkarı P.Tilluanın solo fortepiano və simli orkestr üçün “Perit ut vivat” əsəri Bakıda ilk dəfə ifa edilib. Hər iki əsər solistin uğurlu ifası nəticəsində dinləyicilər tərəfindən böyük alqış və rəğbətlə qarşılanıb.


azertag.az