Hazırlıq kurslarını bitirənlərə sertifikatlar veriləcək
10.6.2019

Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, ingilis dili və tarix fənləri üzrə keçirilmiş hazırlıq kursları yekunlaşıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, hazırlıq kurslarında müvafiq fənn kurikulumunun mahiyyəti, strukturu, buraxılış və qəbul imtahanlarında yoxlanılması, qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tipli tapşırıqların formaları, məzmunu, situasiya, mənbə, mətn tapşırıqlarının və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar dinlənilib. Kurs iştirakçılarının hazırladığı ev tapşırıqları müzakirə edilib. Sonda kurs iştirakçıları kalibrləmə prosesindən keçiblər.

Bakı şəhərində keçirilən kurslarda 118 nəfər iştirak edib. Yaxın vaxtlarda müdavimlərə kursu bitirmələri haqqında sertifikatlar təqdim ediləcək.

Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.


azertag.az