Pedaqoji Universitetdə 17 min 500 tələbə imtahan verəcək
4.6.2019

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin imtahan sessiyası başlanıb.

ADPU-dan bildirilib ki, imtahan sessiyasında tələbələrin şikayətlərinin araşdırılması və düzgün qiymətləndirilməsi üçün apellyasiya komissiyası yaradılıb. Eyni zamanda, obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə imtahan qərargahı yaradılıb. İyulun 1-dək davam edəcək sessiyada filiallarla birlikdə ümumilikdə 17 min 500-dən çox tələbə imtahan verəcək. Bu prosesə 2 min nəfərədək akademik və inzibati heyət cəlb olunub. İyunun 17-dən 30-dək yekun buraxılış dövlət attestasiyası keçiriləcək. 2500-dən çox təhsilalan yekun dövlət buraxılış attestasiyasından keçəcək. Təkrar imtahanlar iyulun 1-3-də təşkil olunacaq. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-III tədris ilinin tələbələri üçün yazılı formada, qiyabi təhsilalma formasında və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə test üsulunda, magistratura səviyyəsində isə yazılı şəkildə keçiriləcək. İmtahan sessiyası tədris departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunacaq. Semestr imtahanlarında və yekun dövlət buraxılış attestasiyasında mütəşəkkilliyin təmin olunması məqsədilə universitet üzrə imtahan idarəetmə qrupu yaradılıb. Şəffaflığın və obyektivliyin təmin edilməsi üçün rektora və prorektorlara e-poçtla birbaşa müraciət etmək, qəbula yazılmaq, ictimai şuraya müraciət etmək, qaynarxətt@adpu.edu.az və ADPU-nun rəsmi “Facebook” səhifəsindən inboksa yazmaq mümkün olacaq. İmtahan qərargahına daxil olan hər bir şikayət araşdırılacaq, mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat veriləcək. Günün sonunda imtahanların nəticələri ADPU-nun internet saytına yerləşdirilir.

Rektor Cəfər Cəfərov auditoriyalarda, yazılı imtahanların yoxlanıldığı otaqlarda imtahan prosesini müşahidə edir, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün tapşırıq və tövsiyələrini verir.


azertag.az