Rəsm Qalereyasında uşaqların əl işlərindən ibarət sərgisi açılıb
4.6.2019

İyunun 3-də Bakı Rəsm Qalereyasında “Rəngli düşüncələr” adlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi açılıb.

Sərgidə “Esmeralda” uşaq və yeniyetmə rəsm studiyası şagirdlərinin əl işləri sərgilənib.

Qalereyanın direktoru Eldəniz Babayev sərgidə çıxış edərək bildirib ki, bu mədəniyyət ocağı 20 ildən artıqdır Azərbaycan Rəssamlar İttifaqı ilə əməkdaşlıq edir. Bugünkü sərgi 6-11 yaşlı uşaqların kateqoriyasına aiddir. Sərgidə 11 uşağın 50-yədək əl işi nümayiş olunur. Sərgi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.

Vurğulanıb ki, uşaqların rəsmləri məzmun etibarilə müxtəlifdir. Burada dövlət atributlarından başqa, natürmortlar və təbiət mövzusunda əsərlər sərgilənir. Rəsmlər sulu, akrilik boya ilə işlənib. “Məqsədimiz uşaqlara qayğını artırmaq, onlarda estetik zövq formalaşdırmaq, gələcəkdə uşaqların təsviri sənətə meyilini artırmaq, istedadlı uşaqları üzə çıxartmaqdır. Düşünürük ki, onlar gələcəkdə ölkəmizi xaricdə layiqincə təbliğ edəcəklər”, – deyə o əlavə edib.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev bildirib ki, 50 ilə yaxındır uşaq yaradıcılığı ilə məşğuldur. Qeyd edib ki, budəfəki, sərgidə uşaqlar orijinal ideyalarla çıxış ediblər.

Əməkdar incəsənət xadimi, rəssam, memar Elturan Avalov diqqətə çatdırıb ki, uşaq olmalarına baxmayaraq, bu sərginin iştirakçıları yaşlı nəslin nümayəndələri kimi, dərin mənalı rəsmlər çəkiblər.

Studiyanın rəhbəri Esmeralda Tağızadə vurğulayıb ki, uşaqlar bu sərgiyə bir il hazırlaşıblar. O, studiyanın dəstəyi ilə uşaqların belə bir gözəllik yaratmalarına çox sevindiyini bildirib.

Sonra azyaşlı rəssamlar Bakı Rəsm Qalereyasının və “Esmeralda” studiyasının diplomları ilə təltif olunublar.

Sonda sərgiyə baxış keçirilib.



azertag.az