Azərbaycan Turizm Agentliyi bir sıra ölkələrlə əməkdaşlıq planlarını müzakirə edib
13.3.2019

“Rusiya Azərbaycanın turizm bazarında önəmli yer tutur. Ötən il 850 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Düşünürəm ki, ötən ilin dekabrından Rusiyada fəaliyyətə başlayan Azərbaycanın rəsmi turizm nümayəndəliyi də ölkəmizin turizm potensialının təbliğində mühüm rol oynayacaq”.

"Report"un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Moskvada keçirilən 26-cı “MITT 2019” Beynəlxalq Turizm Sərgisində Azərbaycan stendinin açılışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 26-cı “MITT 2019” Beynəlxalq Turizm Sərgisinə ölkəmizi təmsil edən 24-dən çox şirkət və hotel nümayəndələri qatılıb. Sərgidə də ölkəmiz yeni brendlə iştirak edir və qonaqlara ən müxtəlif turlar, o cümlədən “İpək yolu turu”, “Şərab turu“, “Həftə sonu turu”, “Qastronomik tur”, “Müalicəvi tur” və digər səyahət növləri, otellər, istirahət zonaları barədə məlumat verilir.

Ölkəmizin Rusiyadakı turizm nümayəndəliyinin təmsilçisi Kira Vekşina isə jurnalistlərə açıqlamasında Rusiyanın getdikcə daha çox turizm operatorunun Azərbaycan ilə maraqlandığını qeyd edib. O bildirib ki, Azərbaycanın ildən ilə artan turizm potensialı, bütün mövsümlərdə səyahət və istirahət üçün təklif olunan maraqlı variantlar barədə rusiyalı turistlərə məlumatlar verilir və bu cür sərgilər təkcə Rusiyadan deyil, dünyanın bütün ölkələrindən turistlərin Azərbaycana cəlb edilməsində müsbət rol oynayır.

Sərgi çərçivəsində Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyev Türkiyə, İsrail və Rusiyadan, o cümlədən Şimali Qafqazdan olan tərəfdaşları ilə görüşlər keçirib, əməkdaşlıq planları müzakirə edib.

Nəzərinizə çatdıraq ki, martın 14-dək davam edəcək sərgidə dünyanın 54 ölkəsindən 2000-ə yaxın şirkət iştirak edir. Bu il sərgiyə ilk dəfə Qətər, Livan, Nikaraqua, Monqolustan, İndoneziya və digər ölkələr, habelə tərəfdaş ölkə kimi Bəhreyn də qatılıb. Türkiyə sərginin ən fəal iştirakçılarındandır. Bu il qardaş ölkə sərgidə 40-dan çox şirkətlə təmsil olunur.

report.az