Millət vəkili: Azərbaycanda şəhid ailələri, qaçqın və məcburi köçkünlərin rifahının artırılması üçün hər cür şərait yaradılıb
12.3.2019

Azərbaycanda qaçqın və məcburi köçkünlərin, eləcə də şəhid ailələrinin rifahının artırılması üçün hər cür şərait yaradılıb.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, şəhid hərbçilərin vərəsələrinə verilən birdəfəlik ödəmələr zamanı bir nəfər də kənarda qalmadı: "Ölkədə şəhid ailələri, qaçqın və məcburi köçkünlərin rifahının artırılması üçün hər cür şərait yaradılıb. Lakin bəziləri ölkədə aparılan sosial siyasət əleyhinə fikirlər səsləndirirlər, həmin kateqoriyadan olan insanların haqlarına girirlər. Biz belə hallara qarşı mübarizə aparmalıyıq".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daim vətəndaşların yanında olur, onları dinləyir, onlardan şəxsən məktub alırlar: “Biz ölkədə aparılan siyasəti dəstəkləməliyik”.

Deputat Jalə Əliyeva da çıxışında ölkədə həyata keçirilən islahatların xalq tərəfindən dəstəkləndiyini bildirib.

trend.az