Azərbaycan Tibb Universitetində canlı disseksiya kursları təşkil olunub
11.3.2019

Azərbaycan Tibb Universitetinin (ATU) LOR kafedrasında canlı disseksiya kursları təşkil olunub.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ATU-nun qulaq, burun və boğaz kafedrasının müdiri, professor Vəfa Pənahian çıxış edərkən “Temporal sümük” kursunun keçirilməsinin səbəblərindən danışib: “Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya, qulaq, burun və boğaz kafedrası, həmçinin şüa diaqnostikası kafedrası Türkiyənin Başkent Universiteti ilə birgə bu kursu yaratdıq. Kursda azərbaycanlı və türk mütəxəssislərin mühazirələri dinləniləcək. Daha sonra Türkiyə ilə canlı yayım təşkil olunacaq və bu zaman qardaş ölkədə meyit üzərində aparılan müxtəlif tibbi prosedurlar nümayiş etdiriləcək”.

V.Pənahian ATU-nun üç kafedrasının əməkdaşlarının iştirakı ilə təşkil olunan kursun rezidentlər və gənc həkimlər üçün faydalı olacağını bildirib.

Kursun birinci günü baza və təkmilləşmiş rinoplastika texnikaları tədris olunub. İnteraktiv müzakirələr zamanı müxtəlif mərhələlər - kəsiklər və dəri flebinin hazırlanması, Hamp rezeksiyası və osteotomiyalar canlı yayımda nümayiş etdirilib. Növbəti günlərdə qulaq cərrahiyyəsi, burun və burun ətrafı nahiyə, rinoplastika və blefaroplastika ilə bağlı məlumat verilib, müzakirələr aparılıb. Həmçinin, “Gicgah sümüyünün anatomiyası”, “Gicgah sümüyünün şüa diaqnostikası” məruzələri səsləndirilib.

Kurs zamanı Osman Qazi, Medipol, Hacıtəpə və Başkent universitetlərinin mütəxəssisləri canlı yayımda müxtəlif tibbi əməliyyatları icra ediblər. Canlı disseksiya kursu çərçivəsində növbəti tədbir martın 16-17-də keçiriləcək.

azertag.az