MBNP problemli kreditlərin həlli ilə bağlı internet səhifəsində yeni bölmə istifadəyə verib
4.3.2019

 “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) internet səhifəsində (www.fimsa.az) elektron kalkulyator istifadəyə verilib.

Məlumata görə, hər bir vətəndaş ana səhifədə əks olunan “PK – Problemli kreditlərin həllinə dair məlumat” bölməsində yerləşdirilmiş “Kalkulyator”a (https://pk.fimsa.az/az) daxil olaraq müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər.

Kalkulyator “21.02.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” və “21.12.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” adlı iki boş xanadan ibarətdir ki, bu xanalar birinci və ikinci devalvasiya tarixini əks etdirir. Vətəndaş müvafiq olaraq hər bir devalvasiya zamanı mövcud olan əsas kredit borcunu uyğun xanalara daxil etdiyi zaman üçüncü xanada avtomatik olaraq həmin şəxsin əldə edəcəyi güzəşt məbləği əks olunur.

Misal üçün, əgər birinci devalvasiya zamanı vətəndaşın banka 5 500 ABŞ dolları məbləğində, ikinci devalvasiya zamanı isə 3 000 dollar məbləğində əsas kredit borcu qalıbsa, qeyd olunan məbləğləri uyğun xanalara daxil etmək lazımdır. Yalnız bir devalvasiya nəticəsində zərər görən vətəndaşlar həmin devalvasiya zamanı malik olduqları əsas kredit borcunu daxil edərək digər xananı boş saxlayırlar. Digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq dollara konvertasiya edilərək göstərilir.

Mövzu ilə bağlı sual yarandıqda və ya əlavə məlumata ehtiyac olduqda vətəndaşlar Palatanın “966 Çağrı mərkəzi”nə, sisial şəbəkə səhifələrinə, həmçinin saytın “Əlaqə” alt-bölməsində qeyd olunan əlaqə vasitələrindən istifadə edə və ya elektron qaydada müraciət ünvanlaya bilərlər.

Gün ərzində bütün bankların internet səhifələrindən sözügedən kalkulyatora keçid təmin ediləcək.

report.az