Bu avtobusda da pulsuz "Wi-Fi" oldu
28.2.2019

"Xaliq Faiqoğlu" MMC 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi" xidmətini işə salıb.

Bundan əvvəl 18 və 85 saylı marşrut xətt avtobuslarında da pulsuz "Wi-Fi" xidməti işə salınmışdı. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. Beləliklə, pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb.

Şirkətə məxsus olan hər hansı avtobusda pulsuz "Wi-Fi "xidmətinə qoşulmuş şəxslər MMC-nin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

Qeyd edək ki, "Xaliq Faiqoğlu" Bakı ərazisində sərnişindaşıma ilə məşğuldur. Şirkətin nəqliyyat parkı 14 marşrut xətti üzrə hərəkət edən 300 avtobusdan ibarətdir.

trend.az