Prezident İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşüb
23.1.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Signify” şirkətinin (keçmiş “Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Görüşdə Erik Rondolat təmsil etdiyi qurumun şəhər işıqlandırması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu vurğulayıb və hazırda Azərbaycanın aidiyyəti qurumları ilə birlikdə paytaxtın işıqlandırılmasına dair layihə üzərində iş aparıldığını qeyd edib. O, layihənin pilot variantının yaxın bir neçə ay ərzində başa çatdırılacağı barədə Azərbaycanın dövlət başçısına məlumat verib.

Erik Rondolat bu layihə üzrə Azərbaycan tərəfi ilə birlikdə görülən işlərdən məmnunluğunu bildirib. O, Bakı şəhərinin bütövlükdə işıqlandırma sisteminin idarə edilməsi layihəsinin “Signify” şirkəti tərəfindən hazırlanaraq təqdim olunmasını təklif edib.

Prezident İlham Əliyev “Signify” şirkətinin nümayəndələrinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısı Bakı şəhərinin işıqlandırılması sisteminin idarə edilməsinin təkmilləşdirilməsi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələrin aparılmasının və müvafiq layihələrin hazırlanmasının önəmini vurğulayıb.

report.az