Sabah ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir
8.1.2019

Ölkə ərazisində yanvarın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, gündüz yağışın qısamüddətli fasilələrlə olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, axşam güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi, gecəyə doğru arabir şiddətlənəcəyi ehtimal edilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 7-11° şaxta, gündüz 3-8° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin əsəcəyi, yanvarın 9-u axşamdan 10-u gündüzədək güclü xəzri küləyi ilə əvəzlənəcəyi gözlənilir. Meteoroloji amillərin qısa müddətə belə təzadlı dəyişkənliyi əksər əhali üçün əlverişsizdir.

azertag.az