Göbələklərin faydası
5.12.2018

Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar.

Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, C, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.

Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər.

Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir.

Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir.

Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.

Bundan əlavə göbələklər xüsusi maddələr - antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir.

ABŞ-nın Milli xərçəng mərkəzinin alimləri sübüt ediblər ki, göbələklərdə xərçəng əleyhinə olan xüsusi maddələr var. Misal üçün, alimlərin fikrinə görə, şampinyonlardan istifadə olunması qadınları süd vəzisi xərçəngindən qoruyur.

Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə kömək edir.
Bütün bu faydalı xüsusiyyətlərlə bərabər, göbələklər kifayət qədər çətin həzm olunur və bu səbəbdən 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək olmaz.

Təzə göbələkləri alandan sonra dərhal bişirmək lazımdır. Əks-halda onlar öz müsbət xüsusiyyətlərini tez bir zamanda itirirlər.

Məhz ekoloji cəhətdən təmiz torpaqda yetişən göbələklər istifadə oluna bilər.

Göbələklə dolma

- 6-8 bolqar bibəri,

- 500 qr şampinyon,

- 2 dənə soğan,

- 2 dənə pomidor,

- 1 dənə kök,

- 100 qr düyü,

- 300 qr ət bulyonu,

- 50 qr ketçup,

- 50 qr zeytun yağı,

- 1 dəstə cəfəri, 1 dəstə şüyüd,

- duz, istiot

Tavada xırda doğranmış gobələklə soğan zeytun yağında qızardılır. Sonra ona qabığı soyulmuş və xırda doğranmış pomidor, sürtgəcdən keçirilmiş kök və xırda doğranmış göyərtilər əlavə olunur və vam odda bişirilir. Axırda ona 3 stol qaşığı ketçup, yarıbişmiş düyü və zövqə görə duz və istiot əvalə olunur və yaxşı qarışdırılır. Bir neçə dəqiqə qaynadıqdan sonra bu içlik kənara qoyulur və soyudulur.

Bibər yuyulur və təmizlənir. Bibərə içlik doldurulur, divarları qalın olan qazana yığılır və üzərinə çıxana qədər bulyonla qarışdırılmış 2 stol qaşığı ketçup əlavə olunur. Yemək vam odda 30 dəqiqə ərzində bişirilir.

Nuş olsun!


Saglamolun.Az