Azərbaycanın FIFA reytinqindəki mövqeyi dəyişməyib
29.11.2018

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan millisi siyahıda mövqeyini qorusa da, 1 xal itirib. Hazırda komanda 1206 xalla 107-ci pillədə qərarlaşıb.

Hesabat dövründə Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv UEFA Millətlər Liqasının son qarşılaşmalarında Farer adalarına Bakıda 2:0 hesabı ilə qalib gəlsə də, Kosovoya Priştinada uduzub - 0:4. Maltanı da 5:0 hesabı ilə yenərək, D Liqasında 3-cü qrupun qalibi olan balkanlılar aktivlərinə 14 xal yazıb və 6 pillə irəliəyib. Hazırda bu ölkə 1113 xalla 131-cidir.

Digər rəqiblərə gəldikdə, Farer adaları 3 pillə geriləyərək 1238 xalla 98-ci pillədə qərarlaşıb. 1 pillə irəliləyən Malta millisi isə 926 xalla 182-cidir.

FIFA-nın reytinq siyahısında ilk "3-lük" dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir. Türkiyə yığması isə reytinqdə 1 pillə geriləyib. Qonşu ölkə 1443 xalla 39-cudur.


report.az