“ƏSA” teatrının kollektivi Naxçıvana yola düşüb
28.11.2018

Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” teatrının kollektivi bu gün Naxçıvan şəhərinə qastrol səfərinə yola düşüb.

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, qastrol zamanı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində bir tamaşa nümayiş etdiriləcək. Belə ki, noyabrın 29-da, teatrın rəhbəri və baş rejissoru Nihad Qulamzadənin quruluşunda Amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povesti əsasında “Adamlar və siçanlar” tamaşası təqdim ediləcək. Bu tamaşada quruluşçu rejissor həm də Körli rolunu ifa edəcək.

Xatırladaq ki, tamaşanın premyerası 2017-ci il dekabrın 19-da olub.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, rejissoru Elşən Əsgərov, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lələyev, Nihad Ari, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Coşqun Məmmədov canlandıracaqlar.

Qeyd edək ki, tamaşanın nümayişi ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşacaq.


azertag.az