Payız aylarında Zaqatalada 1000 hektar fındıq bağları salınacaq
28.11.2018

Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. 2018-ci ilin yaz mövsümündə rayon ərazisində 352 hektar, payızın ötən dövründə isə 520 hektar yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 23 hektara çatdırılıb. Bu bağların 10 min 571 hektarı barverəndir.

Bu barədə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, cari ilin sonunadək daha 480 hektar sahədə yeni fındıq bağlarının salınması planlaşdırılır.

Qeyd edək ki, cari ildə rayonun fındıq bağlarından 15 min tondan çox məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1600 tona yaxın artıb.



azertag.az