Nazir son beş ildə təhsil sahəsində həyata keçirilən işlərin nəticələrini açıqlayıb
28.11.2018

"Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl təcrübəyə, Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcək".

Bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, son illər çağdaş təhsil tarixində qeydə alınan yüksək inkişaf bütün sahələrdə islahatların daha dərinləşməsi dövrü kimi xarakterizə olunur: "Təhsil sisteminin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır".

C.Bayramov qeyd edib ki, son illərdə məktəbəhazırlılığın əhatəliliyi səviyyəsi əsaslı şəkildə artıb: "Bunun 2020-ci ildə 90 faizə çatdırılması hədəf olaraq seçilib. Bu tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da 10-11-ci sinifləri üzrə təhsil alanların 28 faizini təşkil edib. İlkin təhlillər göstərir ki, təmayüllü məktəblərini bitirən şagirdlər ali məktəblərə qəbulda daha yüksək nəticə göstərirlər".

O əlavə edib ki, respublika fənn olimpiadalarının iştirakçılarının sayı, təxminən, 5 dəfə artıb: "Bütün fənlər üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri 17 faiz artıb. Son 5 ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib. Son 5 il ərzində şagird müəllim nisbəti xeyli artıb".

Nazir vurğulayıb ki, 500 və daha artıq bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb və ya 2014-cü illə müqayisədə 2,3 dəfə artıb: "Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılıb, 6 kollec profilə uyğun olaraq ali təhsil müəssisələrinin nəzdinə verilib. Həmin kolleclərə ali məktəblərin ixtisasları unitifikasiya olunub".

Qeyd edək ki, Azərbaycan müəllimlərinin qurultayı 5 ildən bir keçirilir.

report.az