Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət edəcək...
26.11.2018

Heydər Əliyev Sarayında uşaqlar üçün möhtəşəm Yeni il şənlikləri təşkil olunacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, 2019-cu il yanvarın 2-3-də balacalar nağıl qəhrəmanları Dovşan, Qarğa, Canavar, Pirat, İfrit və Küpəgirən qarının iştirakı ilə, böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşanı izləyə biləcəklər. Bundan əlavə, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcək.

Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici rəqslər, sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatacaq. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirəcək və gözəl əhval bəxş edəcək. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər.

Saat 12:00 və 15:00-da başlayacaq nağıl-tamaşanın biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Qeyd edək ki, AZƏRTAC möhtəşəm Yeni il şənliyinə informasiya dəstəyi verənlər sırasındadır.


azertag.az