Mikayıl Müşfiqin 110 illiyi Gəncədə qeyd edilib
26.11.2018

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi qeyd edilib.

Bölmənin bugünkü qonaqları Göygöl rayon Texniki təmayüllü məktəb-liseyin müəllim və şagird kollektivi olub. Tədbiri giriş sözü ilə bölmənin sədri Xəzangül Hüseynova açaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Qeyd etdi ki, repressiya illərində Mikayıl Müşfiq və digər ziyalılarımız dəhşətli işgəncələrə, faciələrə məruz qalıblar, lakin öz əqidələrindən, amallarından dönməyiblər. Onları bu gün bizə sevdirəndə əyilməz şəxsiyyətləri, tükənməz ilhamları, turançılıq yolunda özlərini fəda etmələri olub.

Mikayıl Müşfiqin yaradıcılığından danışan Ramiz Təmkin şairin tükənməz ilhama sahib olduğunu, qısa ömür yolunda böyük ədəbi külliyyat qoyub getdiyini, bu günün, sabahın, gələcəyin şairi olaraq mənsub olduğu millətin yaddaşında əbədi qalacağını söyləyib.

Sonra Göygöl rayon Texniki təmayüllü məktəb-liseyinin şagirdləri Müşfiqin şeirlərini iştirakçılarına ərməğan ediblər.

Şairlərdən Sahib İbrahimli, İnqilab İsaq, İmamverdi Məmmədov, Rəhim Qurbani, Pəhləvan Əfəndi, Oqtay Abdulla, Zülfiyyə, Gülnarə Sadiq, Cahandar Aybər və Almaz Yusifqızı şairə həsr etdikləri şeirlərini oxudular.


azertag.az