BANM-ın rektoru və tələbələri təltif olunublar
18.10.2018

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Ali Məktəbin tələbələri "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində iştirak ediblər.

Bu barədə Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mərasimdə təhsil naziri Ceyhun Bayramov tərəfindən BANM-a “İnterstellar” komandasının “Cansat Azərbaycan 2018” tələbə model peyk müsabiqəsində verdiyi dəstəyə görə xüsusi “Təşəkkürnamə” rektor Elmar Qasımova təqdim edilib.

Müsabiqədə ikinci yerə layiq görülmüş BANM-ın 6 nəfər tələbədən ibarət “İnterstellar” komandası isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə tərəfindən rəmzi plaket və sertifikatlarla təltif edilib.

Tədbirdə çıxış edən E.Qasımov ölkənin 11 ali təhsil müəssisəsindən 31 komandanın iştirak etdiyi peyk müsabiqəsində BANM-ın tələbələrinin ikinci yeri əldə etməsini böyük uğur adlandırıb.

Rektor gənclərin inkişafında xüsusi rolu olan bu layihənin təşkil olunmasına görə Təhsil Nazirliyi və “Azərkosmos" ASC-yə təşəkkür edib.

report.az