“Baku Open” beynəlxalq karate turnirinə start verilib
28.9.2018

Sentyabrın 28-də Azərbaycan Milli Karate Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu “Baku Open” beynəlxalq karate turniri start götürüb.

Turnirin ilk günündə fərdi kata və kumite yarışlarında 6-7, 9-11 və 12-13 yaşlı oğlan və qızlar mübarizə aparırlar. Turnirdə Azərbaycan karateçiləri ilə yanaşı, Rusiya, İran, Türkiyə, İsveçrə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Fransa, Belarus, Gürcüstan və Ukraynadan 100-dən artıq idmançı qüvvəsini sınayır.

Qeyd edək ki, beynəlxalq turnirə bir sıra ölkələrin karate federasiyalarının rəhbər və rəsmiləri, o cümlədən keçmiş SSRİ-nin tanınmış karateçiləri, aktyorlar və kaskadyorlar da fəxri qonaq və yarış iştirakçısı kimi dəvət olunublar.

Turnirin açılış mərasimi sentyabrın 29-da saat 17:00-da keçiriləcək. Mərasimdə Azərbaycanın idman elitasının nümayəndələri iştirak edəcəklər.

Sentyabrın 29-da yeniyetmə, gənc və veteranlar kata yarışlarında, həmçinin kumitedə 14-15 yaşlı yeniyetmə oğlan və qızlar qüvvələrini sınayacaqlar. Tatamiyə, həmçinin 16-17 yaşlı yeniyetmələr də çıxacaqlar.

Həmçinin veteran kişilər və qadınlar arasında da (35-45 və 46-55 yaş qrupu) yarışlar keçiriləcək.

Turnirin sonuncu günündə isə böyüklər (kişilər 60, 67, 75, 84 və +84 kq, qadınlar 50, 55, 61, 68 və +68 kq çəkilər) mübarizəyə qoşulacaqlar. Fərdi kata çıxışlarından sonra fərdi kumite yarışları da olacaq.



azertag.az