Bakı Slavyan Universitetinə plan üzrə tələbə qəbulunun 91 faizi yerinə yetirilib
17.8.2018

Avqustun 16-dan etibarən Bakı Slavyan Universitetində (BSU) tələbə adını qazanan abituriyentlərin qeydiyyatına başlanılıb. Universitetin rektoru, professor Nurlana Əliyevanın əmri ilə 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə sənəd qəbulu üzrə komissiya yaradılıb. Həmin komissiyaya tələbə və məzunlarla iş şöbəsinin müdiri Nəsib Cəbrayılov rəhbərlik edir.

N.Cəbrayılov bildirib ki, BSU-ya bu il plan üzrə 1085 tələbənin qəbulu nəzərdə tutulub. Birinci turda artıq 987 tələbənin müxtəlif ixtisaslar üzrə seçim etdiyini deyən komissiya sədri bununla da plan üzrə qəbulun artıq 91 faizinin yerinə yetirildiyini vurğulayıb. O, boş qalan yerlərin ikinci turda tutulacağına ümidvar olduğunu deyib.

Qeydiyyat avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək aparılır. Qeydiyyat üçün lazımi sənədlərin siyahısı BSU-nun rəsmi internet və “Facebook” səhifələrində yerləşdirilib.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi dəyərləndiriləcək və onların qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 16-dan 20-dək internet vasitəsilə həyata keçirilir.


azertag.az