Energetika Nazirliyi və “Caspian European Club” daimi işçi qrup yaradır
9.8.2018

Azərbaycan energetika naziri Pərviz Şahbazov “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Klubun nümayəndə heyətini qəbul edib.

Klubdan verilən məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, “Caspian European Club”un fəaliyyəti, ölkənin enerji sahəsinin əsas inkişaf istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

T.Əliyev göstərilən diqqətə və “Caspian European Club” il sıx əməkdaşlığa görə energetika nazirinə minnətdarlığını bildirib.

O, ikitərəfli əməkdaşlığın enerji sahəsindəki problemlərin həllinə yardım edəcəyinə, “Caspian European Club”un isə öz növbəsində bizneslə Nazirlik arasında fəal dialoqun davamı üçün təkliflər üzrə səylərini əsirgəməyəcəyinə ümid bəslədiyini deyib.

Görüşün yekununda daimi işçi qrupun yaradılması haqda razılıq əldə olunub. İşçi qrup çərçivəsində “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club”un üzv şirkətlərinin enerji sektorundakı problem, xahiş və təklifləri operativ şəkildə müzakirə olunacaq.

Qeyd edək ki, sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

“Caspian European Club”un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

report.az