Anna Netrebko və Yusif Eyvazov Peru Mili Teatrında konsert proqramı ilə çıxış edəcəklər
3.8.2018

Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov avqustun 9-da Limada, Peru Mili Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

Teatrın saytına istinadla xəbər verilir ki, konsertin proqramına Cüzeppe Verdi, Alfredo Katalani, Pyetro Maskanyi, Frans Leqar və başqalarının operalarından ariyalar daxildir.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.


azertag.az