Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd olunub
13.6.2018

İyunun 13-də Bakı Dövlət Universitetində (BDU) Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları BDU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla anıblar.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlanmasından, Ulu Öndərin ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etməsindən danışıb. Bildirilib ki, Ümummilli Lider müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi yeni ideologiyanın əsasının qoyub.

A.Məhərrəmov diqqətə çatdırıb ki, Ulu Öndərin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüququ verib, öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.

Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi olduğunu deyən rektor bildirib ki, Ulu Öndər bütün mənalı həyatını xalqına bəxş edib. Ümummilli Liderin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Rektor Azərbaycan xalqının hələ neçə-neçə nəslinin bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacağına əminliyini ifadə edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və digər çıxış edənlər Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşüb, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideologiyasından danışıblar.


azertag.az