Yayda anomal istilər olacaq
1.6.2018

Aparılan müqayisəli araşdırmalara görə, 1961-1990-cı illərlə müqayisədə isti hava dalğalarının sayı xeyli artıb. Belə ki, əgər o dövrdə üç isti hava dalğası var idisə, hazırda bu rəqəm 17-yə bərabərdir. Həmin tendensiya davam edəcək, xüsusilə iyul-avqust aylarında ölkə ərazisində anomal istilərin olacağı gözlənilir. Belə günlərin sayı və davamiyyəti uzunmüddətli olacaq. Havanın orta hərarəti bəzi günlərdə iqlim normasını 5-6 dərəcə keçəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekoloji təbliğat şöbəsinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva çimərlik mövsümü ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verib.

“Anomal istilərin insan səhhətinə təsiri ilə əlaqədar Səhiyyə Nazirliyi ilə müqayisəli təhlil apardıq. Belə ki, yayı anomal isti keçən 2006-cı ildə havanın orta temperaturunun iqlim normasına yaxın olduğu 2005-ci ilə nisbətən təcili yardım müraciətləri üzrə əlavə çağırışların sayı 24, ürək-damar xəstəlikləri üzrə isə 34 faizədək artıb”, - deyə U.Tağıyeva diqqətə çatdırıb.

Şöbə müdiri qeyd edib ki, ETSN artıq 12 ildir ki, tibbi-meteoroloji proqnozlar tərtib edərək yayımlayır. Əvvəlcədən xəbərdarlıq sistemi bu ildən təkmilləşdiriləcək və proqnozlar gündəlik olaraq əhaliyə təqdim olunacaq. Xəbərdarlıq nazirliyin rəsmi saytından əlavə, qurumun qarşısında quraşdırılacaq bannerlərdə də öz əksini tapacaq. Bannerlərdə dəniz suyunun temperaturu, küləyin istiqaməti və faktiki hava proqnozu nümayiş olunacaq.

Nazirlik rəsmisi əhaliyə xəbərdarlıq edib: “Anomal isti olan günlərdə əhalinin, xüsusilə də çimərliklərə üz tutanların saat 11:00-dan 17-18:00-dək Günəş şüaları altında qalması tövsiyə olunmur. Belə hava şəraiti ələlxüsus azyaşlıların və yaşlıların həyatı üçün təhlükəlidir”.


azertag.az