Bakı Ali Neft Məktəbində ilin ilk TEDxBHOS konfransı keçirilib
1.6.2018

Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda ilk konfransı - TEDxBHOS keçirilib.

BANM-dən bildirilib ki, əsas məqsədi “Yayılmağa dəyər fikirlər” olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.

Konfransda çıxış edən BANM-in rektoru Elmar Qasımov konfransın qeyri-kommersiya təşkilatı olan TED-in lisenziyası əsasında təşkil edildiyini bildirib. Rektor tələbələri BANM-də bu böyük tədbirin təşkilinə görə təbrik edib.

Qeyd edək ki, TEDxBHOS konfransında bir-birindən maraqlı 8 spiker öz innovativ və motivasiyaedici çıxışları ilə dinləyicilərin diqqətini cəlb edərək düşündürməyə sövq edib. Spikerlər arasında Azərbaycana Birgə Yardım Təşkilatının direktoru Qvendolin Börçel, “Çox yaşa” verilişinin aparıcısı Vasif İsmayıl, “Rafa Film” prodakşn şirkətinin rəhbəri Təhminə Rafaella Cəbrayıl, BANM-in əşyaların interneti laboratoriyasının rəhbəri, “YolGet.az”ın yaradıcısı Abbas Əlili, “Orkhanway Coaching” şirkətinin rəhbəri Orxan Şahbaz və digərləri yer alıblar.

“Alternativ” mövzusu ətrafında baş tutan konfrans bir neçə saat davam edib.



azertag.az