Məktəblilərin nəzərinə: robototexnika olimpiadasına qeydiyyat başlayıb
16.5.2018

Qərbi Kaspi Universiteti “ADR 100 – Məktəblilərarası LEGO xəttizləyən və Arduino sərbəst layihələri” robototexnika olimpiadası keçirir.

Universitetdən bildiriblər ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar təşkil edilən olimpiadaya qeydiyyat mayın 16-dan başlayıb. Qeydiyyat mayın 20-dək davam edəcək.

Olimpiadanın şərtlərinə əsasən, respublika məktəblərinin V-XI sinif şagirdlərinin ikinəfərlik komanda şəklində olimpiadada iştirakı nəzərdə tutulub. Hər komanda qeyd olunan iki kateqoriyadan yalnız birində iştirak edə bilər.

Birinci kateqoriya üzrə iştirakçı komandalar universitet tərəfindən təmin ediləcək LEGO EV3 robotları ilə onlara ayrılmış iki saat ərzində xəttizləyən robot hazırlayıb əvvəldən təyin olunan xətt üzrə yarışacaq.

Qeydiyyat linki.

İkinci kateqoriya üzrə iştirakçı komandalar qeydiyyatdan keçdikləri zaman hazırlayacaqları Arduino sərbəst layihəsi haqqında məlumat verəcək. Arduino ilə onlara ayrılacaq müəyyən zamanda öz layihələrini hazırlayıb münsiflər qarşısında təqdim edəcəklər. Layihələrin məzmununa görə əlavə avadanlıqların istifadəsinə icazə veriləcək. Qeydiyyat bitdikdən sonra bu kateqoriya üzrə yarışa qoşulanlarla görüşlər keçiriləcək.

Qeydiyyat linki.


azertag.az