Azərbaycan Gürcüstan fotoqraflarının gözü ilə...
14.5.2018

18 May – Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər Şurası bu il bayramı “Muzeylər hiperkommunikasiya dövründə: yeni yanaşmalar, yeni auditoriyalar” şüarı altında keçirir. Hər zaman mədəni irsimizin yaşadılması, təbliği və təşviqini qarşısına məqsəd qoyan və UNESCO-nun Mədəni müxtəlifliyin qorunması haqqında Konvensiyasının prinsiplərini fəaliyyətində tətbiq edən “NUR Art House” mədəniyyətlərarası kommunikasiyaya böyük önəm verir.

“NUR Art House” ölkəmizin keçdiyi tarixi yolu, qazandığı uğurları və inkişafını nümayiş etdirmək və bu yüksəlişə əcnəbi vətəndaşların münasibətini təqdim etmək məqsədilə Azərbaycan Fotoqraflar Birliyinin “Beynəlxalq foto günləri - 2018” layihəsinə qoşularaq tamaşaçılarını mayın 15-də Azərbaycana Gürcüstan fotoqraflarının gözü ilə baxmağa - “Mən Azərbaycanı sevdim” sərgisinə və “People” nominasiyası üzrə mükafatlandırma mərasiminə dəvət edir.

FİAP-in tərəfdaşlığı ilə 2017-ci ildən başlanmış və 6 aylıq müddəti əhatə edən “Caucasus – Carpathians circuit – 2017” layihəsi çərçivəsində üç ölkə – Ukrayna, Gürcüstan və Azərbaycanın elan etdiyi birgə beynəlxalq fotomüsabiqədə 57 ölkədən 383 fotoqrafın 5292 əsəri müsabiqəyə buraxılıb. Beynəlxalq dərəcəli 9 münsifin təmsil olunduğu münsiflər heyətinin səs verməsi ilə 4 nominasiya üzrə 52 mükafat təsis edilib və 158 fotoqraf mükafatlara layiq görülüb.

Paytaxtımızın üç sərgi salonunda “Beynəlxalq foto günləri – 2018” layihəsi çərçivəsində açılacaq sərgilərdə sənətsevərlər qalib gəlmiş 52 əsər və müsabiqədə iştirak etmiş 8 azərbaycanlı müəllifin 50-yə yaxın əsəri ilə tanış olacaq və mükafatların təqdimatına şahidlik edəcəklər.

“Beynəlxalq foto günləri – 2018” tədbirlər silsiləsi zamanı sənətsevərlər “Qalereya 1969-da “Art salon Azerbaijan-2017” fotosərgisinə, “NUR Art House”da “Azərbaycan Gürcüstan fotoqraflarının gözü ilə” sərgisinə, “Landmark” sərgi salonunda isə “Bir sevdadır Quzey Kıbrıs” sərgisinə ev sahibliyi edəcək.


azertag.az