Los-Ancelesdə Heydər Əliyevin 95 illiyinə həsr olunan xeyriyyə aksiyası keçirilib
8.5.2018

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan geniş xeyriyyə aksiyası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, aksiyada bu şəhərdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün gün ərzində süfrə açılaraq, 500-dən çox insana isti yeməklər paylanılıb.

Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los-Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los-Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

Qeyd edək ki, Los-Anceles ABŞ-da ən çox evsiz-eşiksiz insanların yaşadığı ikinci ən böyük şəhərdir. Hesablamalara görə, bu şəhərdə 60 minədək evsiz-eşiksiz insan var ki, bu da Los-Anceles üçün ciddi problemlər yaradır.

Aksiyadan öncə baş konsul N.Ağayev “Los-Anceles Missiyası”nın rəhbəri Herb Smit ilə görüşüb. Görüş zamanı H.Smit rəhbərlik etdiyi təşkilatın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı Baş Konsulluq tərəfindən təşkil olunmuş xeyriyyə aksiyasına evsahibliyi etməsindən məmnunluq duyduğunu, bu aksiyanın nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığını bildirib. Azərbaycan ilə yaxından tanış olduğunu vurğulayan H.Smit, Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən və humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib. H.Smit həmçinin vurğulayıb ki, bu gün Azərbaycan yoxsul və kimsəsiz insanlara qucaq açaraq, onlara isti münasibət və qayğıkeşlik göstərir və bir çoxlarına gözəl bir nümunə olur.Öz növbəsində baş konsul N.Ağayev, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini, onun əvəzsiz xidmətlərinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

report.az