Tanınmış bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim ediləcək
7.5.2018

Mayın 31-də Heydər Əliyev Sarayında tanınmış bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə respublikamızın sevilən və tanınmış sənətkarları - Xalq artistləri Brilliant Dadaşova, Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Zaur Rzayev, Nəzakət Teymurova, Samir Cəfərov, Əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Fehruz Səxavət, Abbas Bağırov, Lalə Məmmədova, Firuzə İbadova, Nuriyyə Hüseynova və digər müğənnilər iştirak edəcəklər.

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.

Biletləri Heydər Əliyev Sarayının kassasından, www.iticket.az saytından onlayn, “ASAN xidmət”, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.


azertag.az