Beynəlxalq Muzeylər Gününün builki mövzusu açıqlanıb
7.5.2018

Mayın 18-də qeyd ediləcək Beynəlxalq Muzeylər Günü bu il “Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar” mövzusuna həsr olunub.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) saytına istinadla xəbər verilir ki, builki günün mövzusu muzeylərin ənənəvi auditoriyasını genişləndirmək üçün yüksək texnologiyaların rolunu vurğulamaqdır. Bu baxımdan kolleksiyaların rəqəmsallaşdırılması, sərgilərə multimedia elementlərinin əlavə edilməsi, sosial şəbəkələrdə təcrübə mübadiləsi məsələlərini qeyd etmək olar.

Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.


azertag.az