Opera və Balet Teatrının solistləri qastrola hazırlaşır
19.4.2018

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Xalq Artisti Samir Cəfərov və Əməkdar Artist Afaq Abbasova Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunublar.

Teatrın mətbuat xidmətindən bildirilib ki, aprelin 25-də qardaş ölkədə reallaşacaq konsert “Sən də Azərbaycanı gör” adlanır. Konsert proqramı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunub. May ayında isə solist Afaq Abbasovanın Avropa ölkələrinə səfərləri reallaşacaq. Belə ki, mayın 10-da Serbiya Opera Teatrında keçiriləcək konsert ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü münasibətilə təşkil ediləcək. Eyni zamanda, A.Abbasovanın mayın 20-24-də Slovakiyanın Bratislava Filarmoniyasında baş tutacaq konserti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ithaf ediləcək.


azertag.az