Xalça Muzeyində “İlmələnmiş zaman” adlı sərgi açılıb
19.4.2018

Aprelin 18-də Azərbaycan Xalça Muzeyində “Reinkarnasiya” layihəsi çərçivəsində növbəti sərgi açılıb.

“İlmələnmiş zaman” adlı sərgi muzeyinin təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışından əvvəl muzeyin direktoru Şirin Məlikova sözügedən layihə çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, 2015-ci ildə bir qrup rəssam tərəfindən yaradılmış “Reinkarnasiya” layihəsinin məqsədi ətraf aləmdə baş verən hadisələrə yaradıcı münasibət, fərdi yanaşma və fəlsəfi düşüncə tərzini nümayiş etdirməkdir.

Sərginin əhəmiyyətini vurğulayan muzeyin direktoru deyib ki, sərgi Azərbaycan xalçalarına müasir baxış, xalça elementlərinin forma görüntüləri və ümumiyyətlə, xalçanın rəssam təxəyyülündə təsvirini nümayiş etdirmək məqsədi daşıyır.

Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev sərginin əhəmiyyətindən danışıb. Xalça Muzeyində son vaxtlar görülən işlərdən danışan natiq bu tip sərgilərin mütəmadi olaraq təşkilinin vacibliyindən bəhs edib. Sərgidə nümayiş edilən sənət əsərlərinin mükəmməlliyindən danışan sənətşünas ekspozisiyada əsərləri nümayiş edilən sənətkarları sərgi münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Aprelin 28-dək davam edəcək sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elşən Sərxanoğlu və Eldar Babazadənin əsərləri ziyarətçilərin ixtiyarına verilib.


azertag.az