Üçüncü Buktreyler Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb
18.4.2018

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı III Buktreyler Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, münsiflər heyətinə Xalq Yazıçısı Çingiz Abdullayev, Xalq Artisti Oqtay Mirqasımov, Əməkdar Mədəniyyət İşçisi Yusif Şeyxov, Əməkdar artistlər Mehriban Zəki, Murad Dadaşov daxildir. Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək. Sonda isə Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Layihənin müəllifi və rəhbəri kinoaktyor, prodüser Ruslan Sabirlidir.

Xatırladaq ki, bir müddət əvvəl festivalda iştirak şərtləri açıqlanıb. Şərtlərə görə festivalda 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerin qalibləri müvafiq olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) manat məbləğində mükafatlandırılacaq.

Festivalda iştirak şərtləri ilə daha ətraflı www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.az səhifəsindən tanış ola bilərsiniz.

Qeyd edək ki, buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.


azertag.az