Bəstəkar Rəna Qədimovanın 60 illik yubileyi qeyd olunub
18.4.2018

Aprelin 17-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar Rəna Qədimovanın 60 illik yubileyinə həsr olunmuş müəllif konserti təqdim olunub.

Tədbirdə ittifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək bəstəkarın ömür yoluna nəzər salıb, musiqi tariximizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil alan Rəna Qədimovanın yaradıcılığı zəngindir. Müxtəlif musiqi janrlarında qələmini sınayan, özünəməxsus fərdi üslubu, milli koloriti ilə seçilən əsərlər yaradan bəstəkarın yaradıcılığında vokal, kamera-instrumental əsərləri üstünlük təşkil edir. Son illər bəstəkarın xor və orkestr üçün yazdığı “Sarı gəlin” balladası musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Onun yaradıcılığında uşaqlara həsr etdiyi əsərlər əsas yer tutur.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın bəstəkarın yaradıcılığı haqqında məruzəsi dinlənilib. O, bəstəkarın yaradıcılığı, fərdi üslubunun özünəməxsusluğu barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə piano üçün “2 Prelüd: e-moll; “Qara qafiyə”, faqot və piano üçün “Dialoq”, piano üçün ikili Fuqa- “Vida”, “Bilmirəm” vokal silsiləsi: “Bilmirəm”, “Nöqtələr” və digər əsərlər səsləndirilib


azertag.az