Ankarada Azərbaycanın Xalq Yazıçısı Anarın yubileyi qeyd olunub
17.4.2018

Türkiyədə Azərbaycanın Xalq Yazıçısı, görkəmli ictimai xadim və ədib, Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir.

Növbəti tədbir Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil-qərargahında keçirilib.

Toplantıda Azərbaycan və Türkiyənin dövlət qurumlarının təmsilçiləri, ədəbi dairələrinin nüfuzlu nümayəndələri, tanınmış ziyalılar, yaradıcılıq birliklərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Anar türkdilli xalqların zəngin ədəbi xəzinəsinə mühüm töhfə verən yazıçılardandır. Onun əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilməsi yazıçının yaradıcılığına göstərilən ehtiramdır.

Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və digər çıxışçılar Anarın zəngin və çoxşaxəli yaradıcılığından danışdılar.

Azərbaycan və Türkiyənin tanınmış yazıçıları və ədəbi tənqidçiləri Anarın Türkiyədə TÜRKSOY tərəfindən türk dilində çap edilən “Çağdaşlarım” adlı yeni kitabının türk ədəbiyyatına mühüm töhfə olduğunu qeyd ediblər. Kitabda yazıçının görkəmli şəxsiyyətlərə özünəməxsus baxışını əks etdirən yazıların yer aldığı vurğulanıb.

Yazıçı 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsinə görə, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Daha sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubilyara hədiyyə olaraq Qopuz təqdim edib.


azertag.az