Əlcəzairin “əl-Nahar” telekanalında Azərbaycanla bağlı reportaj təqdim edilib
16.4.2018

Əlcəzairin “əl-Nahar” telekanalında Azərbaycan və paytaxtı Bakı haqqında maraqlı reportaj yayımlanıb.

Kanalın müxbiri Cəmaləddin Buşa Bakının qədim tarixindən və müasir inkişafından geniş söz açıb, paytaxtımızın bənzərsizliyindən ürək dolusu danışıb. O, Bakıda kamerasının yaddaşına köçürdüyü bütün gözəllikləri əlcəzairli tamaşaçılara çatdırıb.

Cəmaləddin Buşa reportajda qeyd edir ki, Şərqin Parisi, Qafqazın mirvarisi kimi tanınan Bakı öz gözəllikləri ilə qonaqları heyran edir. Müəllif Yanardağ, Qız qalası, İçərişəhər, Bakı Bulvarı kimi məkanlar haqqında da qısa məlumatlar verir.

Məşhur balaban ustası Əlixan Səmədovun ifasında səslənən xalq mahnılarımız - “Çoban bayatı” və “Sarı gəlin”inin müşayiət ilə təqdim olunan reportaj tamaşaçını Azərbaycana gəlməyə və bu gözəllikləri yaxından görməyə həvəsləndirir.


azertag.az