Fransada yaşayan həmyerlimiz, görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək
13.4.2018

Azərbaycan diasporunun görkəmli nümayəndəsi, Əməkdar Artist, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva aprelin 16-dan başlayaraq Bakıda ustad dərsləri keçəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, ustad dərslərinin keçirilməsində məqsəd uşaq musiqi məktəblərində təhsilin keyfiyyətini yüksəltmək və müəllimlərin peşəkarlığını artırmaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Bakıya gələn Adilə Əliyeva aprelin 16-da Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində, aprelin 18-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində, aprelin 20-də isə G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində ustad dərsləri keçəcək.

Qeyd edək ki, Adilə Əliyeva Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək Çaykovski adına Konservatoriyada təhsil alıb. İyirmi beş ilə yaxındır ki, Fransada yaşayan A.Əliyeva 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib. Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmyerlimizin adına iki ildən bir Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. Adilə Əliyevanın rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir. Amerikalı ekspertlərin fikrincə, bu müsabiqə dünyanın ən nüfuzlu musiqi tədbirlərindən biridir. Bu il mayın 17-də Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsi keçiriləcək. Festivalın final konsertində bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirakı gözlənilir.


azertag.az