Fransanın tanınmış caz ifaçısı azərbaycanlı xanəndə ilə eyni səhnəni bölüşüb
13.4.2018

Aprelin 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində Fransanın ölkəmizdəki səfirliyi və Bakıdakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə “Mugham Souls” adlı konsert proqramı təqdim olunub.

Konsert proqramı Fransanın tanınmış caz ifaçısı Pyer de Treqoman və xanəndə Qoçaq Əsgərovun iştirakı ilə gerçəkləşib. Konsert çərçivəsində hər iki ifaçının “Mugham Souls” adlı albomunun təqdimatı da olub.

Albomla bağlı təəssüratlarını bizimlə bölüşən xanəndə Qocaq Əsgərov deyib: “İtaliyada buraxılan albomun ərsəyə gəlməsi bizim üçün olduqca əlamətdardır. Albomda caz musiqisi ilə UNESCO-nun Qeyri Maddi-Mədəni İrsi Siyahısına daxil edilmiş sufi ənənəsini özündə əks etdirən mahnılar, həmçinin muğamın və sərbəst, qeyri-kanonik üslubda ifa olunan melodik parçaların Qərb melodiya çalarları ilə sintezi yer alıb. Albomun hazırlanmasının təşəbbüskarı və təşkilatçısı musiqişünas alim, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırovadır”.

Frankofoniya Həftələri çərçivəsində reallaşan konsertdə bir-birindən parlaq ifalar səsləndirilib.

Qeyd edək ki, albomda yer alan ifalar Almaniya, İspaniya, Rusiya, Fransa və İtaliyanın dövlət radiolarında ifa olunub.


azertag.az