Azərbaycan və Latviyanın mədəni irsinin qarşılıqlı tanıdılması müzakirə edilib
19.3.2018

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov “Avropa İli: Mədəni irsin qorunması” tədbiri ilə əlaqədar Avropa Komissiyasının Latviya nümayəndəliyinin təşkil etdiyi toplantıda iştirak edib.

Avropa Komissiyasının Latviya nümayəndəliyinin rəhbəri İnna Şteynbuka tədbirin əhəmiyyətindən danışıb və onun silsiləvi səciyyə daşıdığını qeyd edib.

Latviyanın görkəmli şairləri və ictimai xadimləri Yan Raynis və Aspaziyanın ev-muzeyində gerçəkləşən bu tədbirdə 1918-ci ildə müstəqillik əldə etdikdən sonra Latviya mədəniyyətinin müxtəlif sahələrində - ədəbiyyat, təsviri sənət, memarlıqda qazandığı nailiyyətlər haqqında tanınmış alimlərin məruzələri dinlənilib.

Tədbir çərçivəsində səfir C.Axundov muzeyin ekspozisiyası ilə tanış olub. Muzeyin əməkdaşları ilə söhbət əsnasında səfir Raynis yaradıcılığının Azərbaycanda da tanındığını və onun əsərlərinin dilimizə tərcümə olunduğunu qeyd edib. Azərbaycan ədəbiyyatının Latviyada daha geniş təbliğ olunması zəruriyyətindən söz açan səfir qarşılıqlı ədəbi-bədii tədbirlərin keçirilməsinin önəmini vurğulayıb, məsələn, muzeyin salonlarında Azərbaycan və Latviya ədiblərinin iştirakı ilə poeziya axşamlarının təşkili imkanlarını müzakirə edib.

C.Axundov vurğulayıb ki, belə tədbirlər ölkələrimiz arasında xoş münasibətlərin, qarşılıqlı anlaşmanın inkişafına xidmət edəcək.

azertag.az