Zümrüd Dadaşzadə: Azərbaycan ilə Latviya arasında musiqi mədəniyyətinin inkişafı zəruridir
19.3.2018

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə Vitol adına Latviya Musiqi Akademiyasının yeni rektoru professor, sənətşünaslıq doktoru, görkəmli musiqi xadimi, bir sıra musiqi qruplarının yaradıcısı və bədii rəhbəri Quntars Pranislə görüşüb.

Görüşdə Azərbaycanın musiqi tarixinə kiçik ekskurs edilib, müstəqil ölkəmizdə milli musiqi ənənələrinin qorunması və gələcək nəslə ötürülməsi, musiqi mədəniyyətinin müxtəlif sahələrinin inkişafı ilə bağlı dövlətin gerçəkləşdirdiyi məqsədyönlü siyasətdən, o cümlədən Heydər Əliyev Fondunun genişmiqyaslı səmərəli fəaliyyətindən söhbət açılıb.

Z.Dadaşzadə Azərbaycan-Latviya mədəni əlaqələri mövzusuna toxunaraq, Latviya musiqisinin klassiki, bəstəkar və dirijor Yazep Medınşın 1916-1922-ci illərdə Bakıda Opera teatrı orkestrinin dirijoru kimi çalışdığını, Azərbaycanda Latviya bəstəkarlarının (P.Vasks, İ.Kalnınş, G.Peletsis və b.) tanındığını, azərbaycanlı alimlərin Latviya musiqişünaslarının tədqiqatlarına müraciət etdiyini rektorun diqqətinə çatdırıb. Z.Dadaşzadənin təqdim etdiyi informasiya böyük maraqla qarşılanıb. Elm, musiqi təhsili sahəsində qarşılıqlı münasibətlərin, əməkdaşlığın, mübadilə xarakterli musiqi tədbirlərinin keçirilməsinin zəruriliyi vurğulanıb.

Sonda Z.Dadaşzadə professor Q. Pranisə Azərbaycan musiqisi, o cümlədən muğam sənəti ilə bağlı bir sıra nəşrləri hədiyyə edib.

azertag.az