VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Kitab Sammiti keçirilib
19.3.2018

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində martın 18-də 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunub.

Milli inkişafda, mədəni irsin qorunmasında və gələcək nəsillərə ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusuna həsr olunan Sammitin açılış sessiyası Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin moderatorluğu ilə keçib. Sessiyada çıxış edən Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa yazılı nitqin yaranmasından, kitab çapının tarixindən danışıb.

Rumıniya ilə Azərbaycanın Milli kitabxanaları arasındakı əməkdaşlıqdan bəhs edən Rumıniya Baş nazirinin müavini Ana Birçall tezliklə ölkəsində Azərbaycan Mərkəzinin açılacağını bildirib. O, həmçinin gənclərə kitab sevgisinin aşılanmasının vacibliyini vurğulayıb.

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç elektron kitabların müasir insanların həyatındakı rolundan bəhs edib. O, gəncliyində kitaba olan münasibəti indiki dövrlə müqayisə edib, eyni zamanda, kitabxanaların müasir standartlara cavab verməsinin vacibliyini vurğulayıb.

Latviyanın sabiq Prezidenti Valdes Zatlers ölkəsinin kitab, bilik təcrübəsinin tarixindən danışıb. Sovet dövründə kitab senzurasından və müəyyən kitabları müzakirə etməyin çətinliyindən bəhs edən keçmiş prezident ölkəsində uşaqlar və gənclər arasında kitaboxuma ənənəsinin olduğunu bildirib.

Makedoniya Respublikasının Prezidenti George İvanov ideyalar, fikirlərlə kitabların yaxın əlaqəsindən danışıb. Tarixin müəyyən dövrlərində kitabların yandırılması faktına toxunan Prezident bildirib ki, kitablar yandırıla bilər, amma ideyalar, fikirlər yox.

Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent kitabxanaların rolundan danışıb. O, kitabların insanlara daha sekulyar, daha humanist olmasında kömək etdiyini bildirib. Kitabların məlumat daşıyıcısı olduğunu vurğulayan İ.Parent kitabxanaların problemləri, onların həlli yollarından da bəhs edib.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku tarix boyu kitabların məhv edilməsini xatırladaraq, nasistlər, həmçinin sovetlər dövründə kitablara qarşı bu əməllərin həyata keçirildiyini deyib. O, kitabın çox şeyi dəyişmək gücündə olduğunu, nəsillər arasında dialoq yaratdığını vurğulayıb.

Beynəlxalq Kitab Sammiti açılış sessiyasından sonra panel müzakirələrlə davam edib.

Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parentin moderatorluğu ilə “Kitab və mədəni irsimizin qorunması” mövzusunda keçirilən sessiyada Konqres Kitabxanasından Mary Jan Deeb kitabın bəşəriyyətin irsi olduğunu deyib. Konqres Kitabxanasının bu istiqamətdə gördüyü işlərə toxunan Mary Jan Deeb dünyada baş verən müharibələrin kitabxanaların fəaliyyətinə təsirini vurğulayıb. Xüsusilə də İraqdakı müharibə nəticəsində xeyli sayda kitabxananın zərər çəkdiyini bildirib. O, həmçinin təbii fəlakətlərin kitabxanalar üçün acı nəticələrindən danışıb. Natiq müasir kitabxanaların hazırkı problemlərinə toxunub, kitabxanaların bərpası və tikintisinin əhəmiyyətini vurğulayıb. Mary Jan Deeb Əfqanıstandakı kitabxanaların vəziyyətinin yaxşılaşdırılması və lazımi avadanlıqlarla təchiz edilməsi istiqamətində Konqres Kitabxanasının həyata keçirdiyi işləri qeyd edib, bütün ölkələrdəki kitabxanaların qorunub saxlanılmasına dəstək göstərdiklərini bildirib.

İnternet arxivinin təsisçisi Briyuster Kahle rəqəmsal kitabxana materiallarının toplanması və qorunub saxlanılması üçün gördükləri işlərdən bəhs edib. B.Kahle dünya kitabxanalarındakı kitabların hamısının tamamilə rəqəmsallaşdırılmadığı üçün həmin kitabxanalara girişin olmamasının hələ də əsas problemlərdən olduğunu bildirib. O, rəqəmsal oxucularla işləməyin vacibliyini, müəllif hüquqları məsələsinin nəzarətdə saxlanılmalı olduğunu deyib.

Dünya Bankının keçmiş baş məsləhətçisi Nadere Çamlo dahi Azərbaycan şairi Nizami Gəncəvinin fikirlərinə əsaslanaraq deyib ki, bilik hər kəsə açıq olmalıdır. Cəmiyyətin əsas iştirakçısı olan qadınların təhsil almaları və kitabların ötürülməsindəki rolundan danışıb. Nadere Çamlo ümid etdiyini bildirib ki, gələcəkdə qadınlar daha çox kitab oxuyacaq, tərcümə edəcək və onları gələcək nəsillərə ötürəcəklər.

Qeyd edək ki, Beynəlxalq Kitab Sammitinin məqsədi milli-mədəni kimliyin və insan sivilizasiyasının qorunmasında kitabın və kitabxanaların rolunu vurğulamaqdır. Sammit ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə 2012-ci ildən keçirilir. İsmayıl Seragəldinin təşəbbüsü ilə I Beynəlxalq Kitab Sammitində Azərbaycanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təmsil edib. Sammit Vaşinqton (2012), Sinqapur (2013), Paris (2014), İsgəndəriyyə (2015) kimi dünya mədəniyyətinə qlobal təsiri olan şəhərlərdə təşkil edilib.


azertag.az